19.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 18.01.2022-ci il tarixdə 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar "20 Yanvar - Azadlığa gedən yolun zirvəsi" başlıqlı sual-cavab keçirdi. Tədbiri kitabxananın böyük kitabxanaçısı Günel Əliyeva açaraq, 20 Yanvar hüzn günü həlak olmuş günahsız mülki insanların ruhunu bir qiqəlik sükutla yad edilməsini xahiş etdi. Kitabxanaçı həmin günün tarixi haqqında oxuculara məlumat verərək bildirdi ki, 20 Yanvar 1990-cı il...Həmin gün çökməkdə olan sovet imperiyası son gücünü toplayaraq azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan xalqımızı fiziki və mənəvi təcavüzə məruz qoydu.Həmin müdhiş gecədə güclü zirehli texnika ilə silahlanmış ordu əliyalın, köməksiz insanları al qanına boyadı.Qadağan olunmuş güllələrdən istifadə edərək neçə-neçə soydaşımızı al qana qərq etdilər, nə qədər insanlar şikəst oldu, qaçıb canını qurtarmaq istəyənlər təqibə məruz qalaraq vəhşicəsinə öldürüldü, köməyə gələn təcili yardım maşınları gülləboran edildi...
Hər il olduğu kimi bu il də şəhidlərimizin əziz xatirəsi yad olunur və ruhları hörmətlə anılır.
Tədbirdə Gəncə Dövlət Humanitar Regional Kollecin bir qrup tələbələri iştirak etdi.Oxucular arasında sual-cavab keçirildi. 20 Yanvar faciəsini əhatələyən suallar oxucular tərəfindən dolğun şəkildə cavablandırıldı. Kitabxananın fəal oxucusu III kurs tələbəsi Məmmədova Aysel yazıçı Rafiq Yusifoğlunun "Şəhidlər xiyabanı" şeirini söylədi.
Tədbirin davamında iştirakçılar kitabxananın fondundan 20 Yanvar faciəsini özündə əks etdirən kitab sərgisi ilə yaxından tanış oldular.Sonda kitabxananın kiçik yaşlı fəal oxucuları Zəhra Əliyeva, Hilal Məmmədov şair Məmməd Aslanın "Ağla qərənfil, ağla" şeirini söylədilər.
Əsas məqsədimiz gənc və yeniyetmələrə tarixi məqamları çatdırmaqla yanaşı onların maariflənməsini təbliğ etməkdir.